Azərbaycanın valyuta ehtiyatı 50 milyard dolları ötdü

Milli Məclisin İqtisadi siyasət komitəsinin növbəti iclası keçirilib. APA TV-nin məlumatına görə, iclasda 2013-cü il dövlət büdcəsinin icrasına dair hesabatla çıxış edən maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, il ərzində ölkənin valyuta ehtiyatları 9 faiz artaraq 50 milyard ABŞ dollarını ötüb. Bu da dövlətin xarici borcundan təqribən 9 dəfə çoxdur. 2013-cü ilin yekunlarına görə ölkə əhalisinin gəlirləri əvvəlki illə müqayisədə 8 faiz artaraq 37,6 milyard manata çatıb. İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova isə bildirib ki, Azərbaycanda 2014-cü ildə və sonrakı üç ildə sosial-iqtisadi inkişaf proqnozlarının uğurla reallaşdırılması üçün kifayət qədər əsaslar qoyulub. Büdcənin icrası ilə bağlı danışan millət vəkili Vahid Əhmədov isə iradlarını bildirib. Müzakirlər zamanı digər millət vəkilləri 2013-cü il dövlət büdcəsinin icrasına dair hesabatı müsbət qiymətlədiriblər. İclasın davamında 6 qanun layihəsi müzakirəyə çıxarılıb. Müzakirələrin sonunda qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyyə olunub.

 

Müəllif | Apa.Tv