Masallıda faciə: 2 qardaş və ana-bala qəzada öldü

Masallı rayonunda dəhşətli yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, Ələt-Astara magistralının 159-cu kilometrliyində, Binə-Xocavar kəndində “Nissan” markalı avtomobillə “VAZ-21099” markalı avtomobil toqquşub. Nəticədə “VAZ-21099”da olan iki qardaş - Cəlilabad rayon sakinləri, 40 yaşlı Mahir Teymurov və 53 yaşlı Mütalib Teymurov aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

 

Digər avtomobildə olan bir ailənin 4 üzvündən biri, Yardımlı rayon sakini, 48 yaşlı Gövhər Mahmudova da hadisə yerində keçinib. Onun həyat yoldaşı,   49 yaşlı İsmayıl Sadıyev, övladları - 21 yaşlı Mövlud və 19 yaşlı Maqsud Sadıyevlər isə  müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Həkim Firudin Qəmbərov deyib ki, sağ qalanlar reanimasiya şöbəsinə yerləşdirilib.

 

Vəziyyəti ağır olduğundan paytaxta göndərilən Mövlud Sadıyev yolda ölüb.

 

Hadisənin dəqiq başvermə səbəbləri isə avtoekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv