Cəbhədə itirilən ayaq, dost köməyi, vicdan əzabı, əsl həqiqət...


İki il öncə cəbhədə mina partlaması zamanı bir zamanlar Müdafiə Nazirliyinin mətbuat xidmətində çalışmış hərbçi İlqar Verdiyevin ölümü hər kəsi sarsıtdı. Həmin hadisədə Zahir Məmmədov adlı digər bir zabitimiz də xəsarət alaraq, bir ayağını itirdi. Sizlərə həmin hadisədən sonra həyatı tamamilə dəyişən Azərbaycan Ordusunun mayoru haqqında danışmaq istəyirik. 1996-cı ildə Hərbi Akademiyada oxuyan Zahir 2003-cü ildən Ağdamdakı hərbi hissədə tağım komandiri olub. 2011-ci ilədək müxtəlif hərbi hissələrdə çalışıb. Həmin ildən hadisə baş verən günə qədər isə Naftalanda mühəndis xidmətinin rəisi vəzifəsində çalışıb. O günləri xatırlamaq ağrılı olsa da, zabitimizlə söhbətə o vaxtlardan başlayırıq.

"Həmin ərəfədə düşmən tərəf canlanmışdı, elə yerlər var idi ki, bizim özümüzün ora girməyimiz uyğun idi".

Zahir Məmmədov və İlqar Verdiyev və daha iki hərbiçi hərbi hissə komandirinin əmrinə əsasən, müdafiə rayonlarının gücləndirilməsi üçün əlavə minaların basdırılması məqsədi ilə 10 iyun saat 01:30 radələrində hərbi hissənin Borsunlu kəndi ərazisində döyüş postu ilə düşmən mövqeləri arasında olan neytral sahədə mina yerləşdirməyə başlayıblar. 50-yə qədər mina basdırıblar və qəfildən partlayış səsi eşidilib.

"Mərhum İlqar Verdiyev əlində minatəmizləyən aparatla öndə gedirdi, mən isə arxasınca. Verilən tapşırığa uyğun olaraq, onun baxdığı ərazinin arxasınca hərəkət edərək, müxtəlif maneələr yerləşdirdim. Aparatın səs verməməsi nəticəsində və yaxud hansısa səbəbdən minanı ötürdük və mən minaya düşdüm".

Bir qədər keçdikdən sonra sol ayağının minaya düşdüyünü anlayan Zahir Məmmədov özünü güclə səngərə çatdırıb.

"Partlayış oldu, mina zərbəsi məni tulladı. Ayılanda dedim mənəm, hamı çıxsın, düşmən indi bizi güllələyəcək. Sürünə-sürünə səngərə çatdım, orda olan hərbiçilərin köməyi ilə səngərə düşdüm, ilk tibbi yardım göstərilən vaxt ikinci partlayışı eşitdim. Orada olanların səsindən eşitdim ki, İlqar Verdiyev minaya düşüb".

Hadisə baş verən gün İlqar Verdiyevin minaya düşən komandirini xilas etmək üçün gedərkən özünün də minaya düşərək həlak olduğu iddia edilirdi. Zahir Məmmədov isə xəbərin bu şəkildə yayılmasına görə vicdan əzabı çəkdiyini deyir.

"Olmayan şeyləri yayırlar. Biri var həqiqətdə belə ola, adam deməz, mənəvi cəhətdən əzab çəkməz. Axı belə deyil. O da tapşırıq yerinə yetirərkən şəhid oldu, mən də Vətənim üçün getmişəm. Lazım olsa yenə də gedərəm".

Tərtər Hərbi Prokurorluğunun araşdırması zamanı izahat verən hərbi hissənin əsgəri bildirib ki, Zahir Məmmədov yaralandıqdan sonra İlqar Verdiyev ona səngərimizə tərəf sürünmək əmri verib. Hər ikisi səngərə tərəf sürünüb, ora çatdıqdan sonra İlqar Verdiyev əlindəki minaaxtaran qurğunu ona verərək özü nəyinsə arxasınca qayıtmalı olduğunu deyib. Bir neçə dəqiqədən sonra növbəti partlayış baş verib. Minaya düşən İlqar Verdiyev hadisədən 5 gün sonra dünyasını dəyişib. Bu hadisədən sonra Zahir Məmmədov üçün başqa bir həyat başlayıb. Bir ayağını itirən zabitimiz rayonda ailəsini dolandıra bilmədiyi üçün Kürdəmirdən Sumqayıta köçərək, burada kirayədə yaşamalı olur.

"Kənd yerində yaşayırdıq, şərait olmadığı, mən də əlil olduğum üçün Sumqayıta köçdüm. Qardaşlarım burada yaşadığı üçün onlara yaxın olum deyə burada yaşamağa qərar verdim”.

Hazırda Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində dərs deyən zabitimiz hərbidəki xatirələrini fotolara baxmaqla xatırlayır. Həmin günlərdən ötrü darıxdığını da deyir.

"Düzdür müəyyən çətinlikləri də olsa, öz gözəlliyi var. Düzdür, gecən-gündüzün olmur. Bu, Vətən üçün olmalıdır. Həyatdır, bu günümüzə də şükür".
 

Müəllif | Apa.Tv