Bakının mərkəzində güclü yanğın

Xətai rayonu, Babək prospektində güclü yanğın baş verib. APA TV-nin xəbərinə görə, hadisə prospektin yaxınlığındakı zibilxanada qeydə alınıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, avtomobil təmiri sexlərinin yerləşdiyi ərazidəki zibilxanaya tez alışan maddələr atıldığından yanğının əhatə dairəsi genişlənərək yaxınlıqdakı evlərə çatıb. Ərazidə yaşayanlar dərhal  Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə zəng vuraraq məlumat veriblər. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin Xətai Rayon Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

 

Babək prospektində nəqliyyatın hərəkəti yanğınsöndürənlərin işinə mane olduğundan prospektin bu hissəsində maşınların hərəkəti qismən məhdudlaşdırılıb. Artan yanğın ətrafdakı evlər üçün təhlükə törətdiyindən əraziyə daha bir neçə yanğınsöndürən maşın gəlib. Baş verən yanğın söndürülərək alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

 

Yanğının baş vermə səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacaq.

 

Müəllif | Apa.Tv