Təbii fəlakət və texnogen qəzalar zamanı necə davranmalı? - TƏLİM

Şəkidə “Təbii fəlakət və texnogen qəzalar zamanı davranış qaydaları” mövzusunda nəzəri və praktiki maarifləndirmə tədbiri keçirilib. APA TV-nin  məlumatına görə, Fövqəladə Hallar Nazirliyi (FHN)  Şimal-qərb Regional Mərkəzinin əməkdaşlarının təşkilatçılığı ilə Şəki şəhər 20 saylı orta məktəbdə təşkil olunan tədbirdə  Şəki şəhər Təhsil Şöbəsinin, rayonun müvafiq idarə və müəssisələrinin əməkdaşları, eləcə də məktəbin müəllim və şagird kollektivi iştirak edib. Əvvəlcə Fövqəladə Hallar Nazirliyi Şimal-qərb Regional Mərkəzinin əməkdaşları müəllim və şagirdlərə təbii və texnogen mənşəli fövqəladə hallardan necə qorunmağı, hadisələr zamanı özünə və digərlərinə necə kömək etməyi, ilkin tibbi yardım göstərməyin yolları, fövqəladə hadisələrin qarşısının vaxtında alınması haqqında biliklərin aşılanması, fövqəladə hallar zamanı insanlar arasında davranış qaydalarına əməl etmə vərdişlərinin təkmilləşdirilməsi barədə ətraflı məlumat verib.

Tədbirin praktiki hissəsində isə məktəb binasında şərti zəlzələ həyəcanı verilib. Müəllim və şagirdlər binadan təhlükəsiz yerə təxliyyə olunduqdan sonra baş verən yanğın söndürülüb, binada xəsarət alanlar xilas edilərək həkimə çatdırılıb, binanın ikinci mərtəbəsində xəsarət alan məktəblilər xilasedicilər tərəfindən təhlükəsiz şəraitdə xüsusi qurğular vasitəsilə təxliyyə olunaraq həkimlərə təhvil verilib.

Regional Mərkəzin və rayon təhsil şöbəsinin əməkdaşları müəllim və şagirdlərin davranış qaydalarına, binadan təxliyəsinə baxaraq məktəb kollektivinin baş verə biləcək hadisələrə necə hazır olduğunu müəyyənləşdirib. Təxliyyə zamanı buraxılan səhvlər kollektivə izah olunub.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov