Mal-qara oğruları tutuldu

Ağsu rayonunda oğurluq edən şəxslər tutulub. APA TV-nin məlumatına görə, rayonun İlxıçı, Hacısəmədli və Muradlı kəndlərinin sakinləri onlara məxsus qoyunların müxtəlif vaxtlarda naməlum şəxslər tərəfindən oğurlanması barədə Ağsu rayon Polis Şöbəsinə məlumat veriblər.

Muradlı kənd sakini Famil Cavadov deyib ki, gecə saat 3 radələrində həyətdəki it hürüb: "Tövləyə girəndə 2 nəfər tanımadığım şəxsi orda gördüm. Onlar mənə hədə-qorxu gəldilər. Ancaq mənimlə bacara bilməyəcəklərini görüb, arxa qapıdan qaçdılar. Sonra polisə zəng etdim".

 

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları İmişli, Tərtər və Ağsu rayon polis şöbələrinin işçiləri ilə birgə Ağsu rayonu ərazisində 5 dəfə mal-qara oğurluğu edən dəstənin iki üzvünü, o cümlədən onların başçısı, İmişlidə məskunlaşan Ağdam sakini Rüstəm Paşayevi tutaraq istintaqa təhvil veriblər. Həmin şəxslərin Ağsu ərazisindən 25 qoyun oğurlaması faktı müəyyən edilib.

RPŞ-nin cinayət-axtarış bölməsinin rəisi Ramiz  Məhərrəmov deyib ki, qrupun digər üzvlərinin müəyyən olunması ilə bağlı əməliyyat tədbirləri davam etdirilir. Onların digər rayonlarda analoji cinayət törədib-törətmədikləri müəyyənləşdirilir.

Faktla bağlı cinayət işi başlanıb.

Müəllif | Apa.Tv
Elvin Yaqubov