Hacı Allahşükür Paşazadə: “Əgər mənim başıma bir iş gəlsə...”

"Məzhəblər arasında nifaq salınması məsələlərinə ehtiyatla yanaşılmalıdır".

APA TV-nin xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib. Ayrı-ayrı dini təriqətlərin başqa məqsədlərə xidmət etməsinin qarşısının alınmasını vacib hesab edən Allahşükür Paşazadənin sözlərinə görə, axundlar, imamlar islamı elə çatdırmalıdırlar ki, heç bir təfriqə olmasın. "Bizim Qarabağ boyda dərdimiz ola-ola, o qədər tarixi abidələrimiz məhv ola-ola biz onun qeyrətini çəkməkdənsə, bir şuşalının Suriyada vuruşması nə qədər məntiqə uyğun ola bilər? Orada onları öyrədib başqa şəkildə sünni-şiəlik, məzhəb ayrılığı salmaq kimi məsələlərdə biz çox ehtiyatlı olmalıyıq. Nə üçün biz sünni-şiəyə ayrılmalıyq? Nə üçün biz bununla düşmən üçün imkan yaratmalıyıq ki, düşmən bundan istifadə etsin". Şeyxülislam bildirib ki, din xadimlərindən sadəcə dindən xalqın rifahı üçün istifadə olunması tələb edilir. "Mənim yanıma çoxlu insan müraciətlə gəlib oğlumu qaytar deyir. Analar gəlib deyirlər ki, oğlunun heç olmasa ölüsünü qaytaraq. Gör, vəziyyət hara gəlib çatıb ki, oğlunu diri görmək istəmir, amma qaytarmaq istəyir. Azərbaycan dövlətində hər hansı bir qüvvələr, dini cərəyanlar, ekstremist şəkildə dini istifadə edərlərsə istər vəhhabi, istər nurçu, istər təkfirçi, istər sünni, istərsə də şiə olsun, biz onlara qarşı mübarizə aparacağıq. Əgər mənim başıma bir iş gəlsə, davamçılarım bu işi davam etdirəcək".

Yas mərasimləri haqqında danışan Allahşükür Paşazadə ölkədə yas çadırlarının yığışdırılmasını təklif edib. Bu məsələnin hələ uzun illər öncədən gündəmdə olduğunu deyən şeyx konkret addımlar atmağa çox az zaman qaldığını vurğulayıb.

 

Müəllif | Apa.Tv