Salyanda meşələrin yanğın təhlükəsizliyinə dair seminar-müşavirə keçirilib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Salyan Muğan Regional Mərkəzində «Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi» mövzusunda seminar-müşavirə keçirib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, seminar-müşavirədə Biləsuvar, Salyan, Neftçala, Sabirabad, Saatlı, İmişli, Hacıqabul və Şirvan şəhərini əhatə edən rayonların bələdiyyə, fermer təsərrüfatı, texniki nəzarət müfəttişliyi, Meşə Mühafizəsi və Bərpası müəssisələri, «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti nümayəndələri iştirak edib. DYNX-nin yanğına qarşı təbliğat şöbəsinin rəisi daxili xidmət polkovniki Hikmət Xudiyev qarşıdan gələn mövsümdə dənli və texniki bitkilərinin yığılması, daşınması, saxlanması və emalı dövründə, həmçinin meşələrdə yanğın təhlükəsizliyinin təmin olunması üçün qarşıda duran vəzifələrdən ətraflı danışıb. Qeyd olunub ki, 2013-cü ildə respublika ərazisində 35 ton dənli, texniki və paxlalı bitki, 2702 ton yem, dənli, texniki və paxlalı bitki əkilmiş 666 hektar sahə yanaraq məhv olub.
Yem məhsullarının yanması nəticəsində 739 min manat, texniki və paxlalı bitki əkilmiş sahələrin yanması nəticəsində isə kənd təsərrüfatı zəhmətkeşlərinə 231 min manat maddi ziyan dəyib.
Tədbirdə avtomatik yanğınsöndürmədə yeni texnologiya olan Tailandda istehsal olunmuş avtomatik yanğınsöndürmə topunun texniki xüsusiyyətləri, istifadə qaydası haqqında ətraflı məlumat verilib.
Sonda xidmət tərəfindən təşkil olunmuş yanğın texniki sərgi və video-stend nümayiş etdirilib.