Səyyad Salahlı: "Ən böyük narahatlığımız..."
Qafqaz Müsəlmanları İdarəsinin din xadimləri üçün təşkil etdiyi təkmilləşdirmə kursu ilə bağlı konfrans keçirilib. APA TV-nin xəbərinə görə, konfransda çıxış edən idarənin sədri Allahşükür Paşazadə bildirib ki, kurslara respublikanın müxtəlif bölgələrindən gəlmiş 50 din xadimi qatılacaq. Millətlərarası, multikultiralizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla deyib ki, din xadimləri ilə müxtəlif dövlət xadimləri görüşməli, onlar dövlət xadimlərinin fikirlərini bilməlidirlər. Hər kəs gənclərin qorunması üçün çalışmalıdır: "Biz onları, göydə Allahın, yerdə dövlətin qəzəbinə tuş gələnə qədər qoruyub saxlamağı bacarmalıyıq. Təmiz dini əqidələr üzərində böyümək, böyütmək, formalaşmaq və formalaşdırmaq bizim hamımızın borcudur".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı söyləyib ki, bu gün ayrı-ayrı qruplar gənclərə fanatizm ruhu aşılamaq istəyir: "Bu gün bizim ən böyük narahatlığımızdan biri qeyri-ənənəvi və radikal fanatizmə meyl edən gənclərin islah edilməsidir".
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə deyib ki, din dövlətdən yox, hökumətdən ayrı olmalıdır.
Kursun keçiriləcəyi müddətdə iştirakçıların qalmaq, yemək, yol xərclərini Qafqaz Müsəlmanları İdarəsi ödəyəcək. Kursun sonunda din xadimlərinə müvafiq sertifikatlar təqdim olunacaq.