Rusiya Ukraynaya iyunun 3-dək vaxt verdi
Rusiyanın "Qazprom" şirkəti qaz tədarükü üçün əvvəlcədən ödəmə sisteminə keçidlə bağlı Ukraynayanın "Naftoqaz" şirkətinə bildiriş göndərib. APA TV-nin xəbərinə görə, məktubda sutkada 114 milyon kubmetr qaz tədarükünə uyğun olaraq, iyun ayı üçün ödəniləcək məbləğin 1,66 milyard dollar olacağı qeyd olunub. Bu barədə Rusiya şirkətinin rəsmi nümayəndəsi Sergey Kupriyanov məlumat verib. "Vaxtı keçmiş borc 3,505 milyard dollar təşkil edir. Bu, əvvəlcədən ödəmə sisteminə keçid üçün kifayət qədər obyektiv səbəbdir",- deyə o qeyd edib. Rəsmi nümayəndə əlavə edib ki, istirahət günlərini nəzərə alaraq "Naftoqaz" bu məbləği iyunun 2-nə kimi ödəməlidir, iyunun 3-dən isə şirkət ödədiyi məbləğə uyğun qazını alacaq. "Qazprom"un dediyinə görə, bu şirkət Ukrayna üçün qazın min kub metrini 485 dollardan satır və aprelin 30-na Ukraynanın borcu 3,492 milyard dollar təşkil edir. Ukrayna isə aprelin 1-nə bu borcun 2,2 milyard dollar olduğunu deyərək "Qazprom"un qiyməti 268,5 dollara endirəcəyi halda bu məbləği 10 iş günü ərzində ödəməyə hazır olduğunu bildirib.