Cahandar ağanın baxımsız qalan məzarı - XÜSUSİ REPORTAJ

Azərbaycanın müxtəlif yerlərində böyük şəxsiyyətlərimizin məzarları var. Qəhrəman, mərd, əyilməz, yenilməz ömür yaşayan, tariximizdə iz qoyan, gələcək nəsillərə öz həyatı ilə örnək olan Cahandar ağanın da qəbri tarixi şəxsiyyətlərin məzarları  sırasındadır. Cahandar ağa 1853-cü ildə Qazağın II Şıxlı kəndində dünyaya göz açıb. O, Yusif ağanın oğludur. Cahandar ağanın nəsil şəcərəsi Şıxlıoğulları Kamaloğulları ilə bağlıdır. Əslində Azərbaycan tarixində Qazağın Şıxlı kəndində olan Şıxlınskilər (Şıxlıoğullar) tayfasından sayılıb-seçilən şəxsiyyətlər çox yetişib. Şıxlinskilər tayfasının belə oğullarından biri Azərbaycanın xalq yazıçısı, İsmayıl Şıxlının "Dəli Kür" romanının qəhrəmanı Cahandar ağadır. Tarixçi Fəxrəddin Vəlizadə APA TV-yə müsahibəsində bildirib ki, Şıxlinskilər nəsli çox böyük nəsildir. Görkəmli Azərbaycan yazıçısı İsmayıl Şıxlı da məhz həmin nəslin nümayəndəsidir. Yazıçının şah əsəri sayılan "Dəli Kür" romanının qəhrəmanı Cahandar ağa da İsmayıl Şıxlının babasıdır. Tarixçi Cahandar ağanın qəbrinin II Şıxlıda, Bakı-Tiflis yolunun "Sınıq körpü"yə yaxın hissəsində, yolun sağ kənarında yerləşən köhnə qəbiristanlıqda olduğunu deyir. Onun sözlərinə görə, Azərbaycan tarixində xüsusi yerə malik Şıxlinskilərin böyük oğullarından biri Cahandar ağanın qəbrinə və qəbir daşına laqeyd münasibət var. "Cahandar ağanın qəbir daşı bir az əyilmiş vəziyyətdədir. Üstündə tüfəng və xəncər şəkli var. Azərbaycan tarixində böyük bir səhifəyə malik Şıxlinskilərin böyük oğullarından biri Cahandar ağanın qəbrinə və qəbir daşına biganəlik tariximizə biganəlikdir. Çünki biz gələcək nəsillərə bu biganəliklə bağlı cavab verə bilməyəcəyik. Cahandar ağanın qəbir daşını tam düzəltmək, onun ətrafına hasar çəkmək lazımdır. "Dəli Kür"ü oxuyan hər bir gənc Cahandar ağanın qəbrini və başdaşını əyilmiş vəziyyətdə gördükdə görəsən nə düşünər?"

 

Tarixi araşdırmalardan Cahandar ağanın 1910-cu ildə Kürün o tayından gələn bir dostunun dəvəti ilə ona qonaq gedən zaman rus əsgərlərindən ibarət bir qrupun pusqusuna düşdüyü deyilir. Ruslar Cahandar ağanı gülləyə tuturlar. Cahandar ağa atının belində Kürü üzə-üzə ruslara qarşı tüfəng və tapançasından atəş açmağa başlayır. 5 rus əsgərini öldürür, lakin özü Kür sularında düşmən gülləsindən şəhid olur.

 

Fəxrəddin Vəlizadə deyir ki, Bakı-Tbilisi yolunun "Sınıq körpü"yə yaxın hissəsində  tək Cahandar ağanın məzarı yox , o cümlədən 18-ci əsr ədəbiyyatımızın görkəmli şairi Molla Vəli Vidadinin və onun övladlarının da qəbirləri var.

 

Müsahibimiz Molla Vəli Vidadinin abidəsindən solda 1-ci daşın oğlu Məhəmmədin, sağdakı 1-ci daşın isə qızı Cəvahirin məzarı olduğunu bildirilir. 2-ci daşın isə Vidadinin həyat yoldaşı Tükəzban xanımın məzarı olduğunu deyir. "Bu məzarlıqlar da məşhur din xadimləri - Zaqafqaziya müsəlmanlarının Tiflisdə əyləşən müftiləri Osman əfəndi, Məhəmməd əfəndi, Müftizadə Qazi Səadəddin əfəndi və Müfti Osman oğlunun qəbirləridir. Zaqafqaziya müftisi olmuş Molla Vəli Vidadinin oğul və Molla Pənah Vaqifin qız nəvəsi Qazi Səadəddinin məzarlarına biganəliyi heç cür qəbul etmək olmur".

 

Fəxrəddin Vəlizadə hesab edir ki, tarixi şəxsiyyətlərimiizn irsi öyrənilməli, bu günkü gəncliyimizə, insanlara çatdırılmalı, məzarları tapılmalı, dağılmışları bərpa edilməli, qorunub saxlanmalı, gələcək nəsillərə ötürülməlidir.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli