Rusiyada terrorçuluğu dəstəkləyən azərbaycanlı tələbə tutuldu


Rusiyanın Voloqod Hüquq və İqtisadiyyat İnstitutunun keçmiş 23 yaşlı azərbaycanlı tələbəsi terrorizmə haqq qazandırdığı üçün  həbs edilib.

Yerli prokurorluğun yaydığı məlumata görə, 2008-ci ilin sentyabrından 2013-cü ilin fevralına kimi o, "V Kontakte" sosial şəbəkəsində terrorizmi açıq dəstəkləyən videoçarxlar yerləşdirib. APA TV-nin məlumatına görə, o, universitetdən 2011-ci ilin sentyabrında daxili intizamı ciddi şəkildə pozduğu üçün uzaqlaşdırılıb. "Tələbə vaxtı gənc hüquq-mühafizə və federal orqan əməkdaşlarına qarşı mənfi yanaşıb. 2010-cu ilin sentyabrından 2012-ci ilə kimi öz tanışlarını Şimalı Qafqazda formalaşmış qanunsuz silahlı qruplaşmaya qoşulmağa çağırıb" deyə məlumatda qeyd edilir. Azərbaycanlı Federal Təhqiqat Bürosunun yerli idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmə onu cəzasını ümumi tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 4 ay müddətində azadlıqdan məhrum edib. 

Müəllif | Apa.Tv
Apa.tv