Nazir müavini: "Bəzi əlil vətəndaşlar hər vasitə ilə..."

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 100 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinə “Naz-Lifan” markalı minik avtomobilləri verilib. APA TV-nin xəbərinə görə, avtomobillərin təqdim edilməsi mərasimində çıxış edən nazir müavini İlqar Rəhimov bildirib ki, ölkə başçısının müvafiq sərəncamına uyğun olaraq növbədə olan 675 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilindən artıq 500 nəfəri avtomobillə təmin edilib. Növbədə dayanan digər əlillərinin avtomobillə təminatı bu ayın sonunadək tam başa çatdırılacaq. O qeyd edib ki, bu prosesin intensivliyini görən bəzi vətəndaşlar çalışırlar ki, hər bir vasitə ilə növbəyə dursunlar.

 

"Statistikanın təhlili onu göstərir ki, əgər 2013-cü ilin müvafiq dövründə maşın növbəsinə 86 nəfər vətəndaş durmuşdusa, bu ilin 4 ayında növbəyə duran vətəndaşların sayı 130-u ötüb. Bu bizi çox narahat edir. Biz müvafiq tapşırıqlar vermişik ki, bütün növbəyə duran vətəndaşların siyahısı bir daha araşdırılsın. Və əgər hər hansı neqativ hal baş versə çox ciddi tədbirlər həyata keçiriləcək".

 

İlqar Rəhimov deyib ki, nazirlik 2014-cü ilədək növbədə dayanan Böyük Vətən müharibəsi, Çernobıl və hərbi xidmət əlillərinə gələn aydan etibarən avtomobillərin verilməsini planlaşdırır. Bu proses yaxın bir neçə ayda yekunlaşdırılacaq. 

Müəllif | Apa.Tv