Daha bir doğuş faciəsi: 27 yaşlı qadın doğuşdan sonra öldü

Azərbaycanda doğuşdan sonra daha bir ana ölümü baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayon Perinatal Mərkəzində qeydə alınıb.

 

Mərkəzdən APA TV-yə verilən məlumata görə, Saatlı rayonunun Çolpu kənd sakini, 1987-ci il təvəllüdlü Rzayeva Alidə Ağalar qızı ötən gecə mərkəzdə  qeysəriyyə əməliyyatı ilə dünyaya uşaq gətirib. 38 həftəlik olan uşaq dünyaya gələndən sonra qadında daxili qanaxma başlayıb. Qadın ikinci dəfə əməliyyata götürülüb.

 

Əməliyyatdan sonra özünü yaxşı hiss edən xəstənin halı bu gün səhər saatlarında pisləşib və o, kəskin ağciyər və ürək catışmazlığından dünyasını dəyişib. Ölümün dəqiq səbəbi hələ ki, məlum deyil. Bu, məhkəmə tibbi ekspertizanın yekun rəyindən sonra aydınlaşacaq.

 

Mərkəzin direktoru onu da qeyd edib ki, Alidə Rzayevanın 5 yaşında talassemiya xəstəliyi ilə bağlı dalağı çıxarılıb. Ekspertlərin ilkin rəyinə görə, isə xəstə ağ ciyər arteriyasının tromboemboliyası nəticəsində dünyasının dəyişib.

 

Qeyd edək ki, Alidə Rzayeva bundan əvvəl də qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı