Gənc alimlərə ev veriləcək

"Gələn ildən Azərbaycanda gənc alimlər evlə təmin oluna bilər".

 

APA TV-nin xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə deyib. Onun sözlərinə görə, hazırda akademiya yataqxanasının yerində yeni 4 korpuslu bina inşa olunur: “Onların 2 korpusunda daha çox ehtiyacı olan gənc alimlərə yer ayrılacaq. Hazırda orada 12 və 13-cü mərtəbənin tikintisi gedir və hər hansı bir problem yoxdur. Bu binanın tikintisi aparılır və ilin sonuna kimi işlər yekunlaşması gözlənilir”.

 

Azərbaycan Milli Elmlər Akademiyasına işə qəbul olunması üçün istedadlı doktorantlar axtarıldığını deyən Akif Əlizadə bildirib ki, istedadı olan doktorantlar institutlara, Rəyasət Heyətinə, öz elmi rəhbərinə müraciət edə bilərlər.

 

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında Rəyasət Heyətinin geniş iclası keçirilib. AMEA-nın prezidenti Akif Əlizadə iclasda deyib ki, akademiyanın həqiqi və müxbir üzvlüyünə seçkilərin iyun ayının 27-də keçirilməsi nəzərdə tutulur.

 

İclasda AMEA üzvlüyünə seçkilərə hazırlıq, nadir elmi cihazlardan kollektiv istifadə mərkəzinin təşkili, Azərbaycan alimlərinin I qurultayı ilə bağlı qərarlar qəbul edilib.

 

Müəllif | Apa.Tv