Şirkət direktoru dələduzluq yolu ilə 305 min manat mənimsəyib

Baş Prokurorluq yeni korrupsiya faktı ilə bağlı məlumat yayıb. Qurumun mətbuat  xidmətindən APA TV-yə verilən məlumata görə, Bakı şəhər sakininin “Vedi-E” MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərə yol vermələri barədə müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı MMC-nin direktoru Qoşun Rəhimovun cəmiyyət tərəfindən Yasamal rayonunda inşa edilmiş çoxmərtəbəli yaşayış binasındakı mənzilləri aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satmaqla ümumilikdə onlara 305 min manat məbləğində ziyan vurmasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda vətəndaşlara vurulmuş ziyanın ödənilməsi və onların pozulmuş hüquqlarının bərpası istiqamətində iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

Müəllif | Apa.Tv