Bayıl qəsəbəsində 14 sürüşmə qeydə alınıb

Bakının Bayıl qəsəbəsində 14 sürüşmə qeydə alınıb. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, sürüşmə prosesləri XIX əsrin ortalarından başlayıb və 1847, 1877, 1919, 1927, 1929, 1932, 1953, 1968, 1969, 1973, 1974, 1996, 2000 və 2011-ci illərdə aktivləşib. 2000-ci ilin mart ayında baş vermiş sürüşmə eni 350 m, uzunluğu 450 m olan ərazini əhatə edib. Ümumilikdə, bu zaman baş vermiş sürüşmə nəticəsində 4,5-5,0 mln m3 həcmində olan kütlə sürüşmə prosesinə məruz qalıb. Nəticədə müxtəlif təyinatlı tikililər, kommunikasiya xətlərinə və əhaliyə küllü miqdarda ziyan dəyib.

 

Bayıl yamacında sürüşmə proseslərinin öyrənilməsi məqsədilə 1975, 1985, 1996, və 2000-ci illərdə kompleks mühəndis-geoloji və geofiziki üsullarla tədqiqatlar aparılıb. 2012-ci ildə isə Bayıl sürüşmə sahəsində yamacın geoloji kəsilişinin 100 m dərinliyə qədər öyrənilməsi məqsədilə aralarındakı məsafə 100 m, müşahidə nöqtələri arasındakı məsafə isə 20 m olmaq şərti ilə şərq-qərb istiqamətində üç profil üzrə Şaquli Elektrik Zondlama (ŞEZ) üsulu ilə geofiziki tədqiqatlar aparılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv