Şərlənən, böhtan atılan insanlar öz hüquqlarını necə qorumalıdırlar?

"Üç ay bundan qabaq bir ailədə uşağa baxırdım. Dayəlik edirdim, işimin öhdəsindən də yaxşı gəlirdim. Uşağa çox yaxşı baxırdım. İstirahət günlərimdən birində telefonuma zəng gəldi, baxdığım uşağın anası idi. Mənə dedi ki, evdən qızıllarımızı götürmüsən. Birdən birə üstümə şər atmışdılar. Vəziyyətdən necə çıxacağımı bilmirdim. Sonra qızıllar tapıldı. Bütün bunlardan sonra mən indiyə qədər həkimlərdəyəm. Aldığım stressdən çox pis olmuşdum. İndi məhkəməyə müraciət etmək istəyirəm. O hadisə olanda əvvəlcədən vəkil tutmamışdım. Ümumiyyətlə, bilmirdim nə etmək lazımdır. Heç indi də bilmirəm onları məhkəməyə vermək üçün nə etmək lazımdır".

 

Bəli eşitdikləriniz onlarla insanın qarşılaşdığı bir hadisədir. Mövzuya da elə bu səbəbdən toxunduq. Maraqlıdır, biz hüquqlarımızı niyə bilmirik? Yox, əgər biliriksə, onda özümüzü müdafiə etməyi niyə bacarmırıq? Vəkil Şahmar Həsənov APA TV-yə müsahibəsində hüquqları pozulan zaman insanlar vəkillərə müraciət etmələrini tövsiyə edib. Çünki heç bir insan şər və böhtandan sığortalanmayıb.

 

"Konstitusiyada qeyd olunub ki, hər bir vətəndaş qanunla müəyyən olunmuş üsullarla özünü müdafiə etmək hüququna malikdir və hər hansı bir şəxsin kimisə bilə-bilə ağır cinayətdə ittiham etməsi cinayət məsuliyyəti kimi qeyd edilib və həmin cinayət məsuliyyətinə görə, cərimə islah işləri, hətta azadlıqdan məhrum etmə kimi cəza da nəzərdə tutulmuşdur. Bundan başqa cinayət məcəlləsinin 296-cı maddəsində yalandan xəbərçilik etmə maddəsi var ki, əgər şəxs bilə-bilə hər hansı bir şəxs barəsində yalan xəbərçilik edirsə bu da cinayət məsuliyyəti yaradır".

 

Vəkilin sözlərinə görə, bundan əlavə mülki məcəllənin 23-cü maddəsi nəzərdə tutulub ki, şəxsin şərəf və ləyaqəti  alçalarsa, işgüzar nüfuzuna xələl gələrsə, məhkəməyə müraciət edə bilər.

 

"Ümumiyyətlə, cinayət məsuliyyətindən başqa mülki məsuliyyət də nəzərdə tutulub. Əgər şəxs hər hansı bir böhtanla üz-üzə gəlirsə, şəxs bu barədə cinayət məcəlləsində nəzərdə tutulmuş qaydada aidiyyati orqanlara müraciət edə bilər. Əgər şəxsin onun barəsində böhtan, şər atan şəxs bu onun mənəvi etibarına gətirib çıxarıbsa bu, şəxsə müəyyən mənəvi zərər vurur. Hər hansı bir şəxsin böhtanla, şərlə qarşılaşdığında bu onda müəyyən sarsıntılar əmələ gətirir. Bəzən onun psixologiyasına, səhhətinin pozulmasına səbəb olur və bu sübut olunarsa doğrudan da həmin şəxs böhtanın nəticəsində onun səhhətində hər hanısa bir narahatçılıq yaranıbsa, o, müəyyən iztirablar keçiribsə mülki qaydada  məhkəməyə iddia ərzəsi ilə müraciət edə bilər və məhkəmədə müəyyən olunarsa ki, doğrudan o iddia tələbi tam əsaslıdır, onda artıq məhkəmə qətnaməsi ilə həmin şəxsin müəyyən bir təzminatın ödəməsi təmin oluna bilər".

 

Böhtanla üzləşmiş şəxsin pisixoloji durumuna gəlincə, psixoloq Təhminə Çələbi deyib ki, bu cür insanlarda sonradan müəyyən travmalar yaranır ki, bu da bəzi xəstəliklərə gətirib çıxarır.

 

"Əlbəttə, insan çox böyük stress keçirir. Bu stressin ardınca da depressiya və adətən xroniki depressiyaya keçir. İnsanda travmalar, hətta fobiyalar yaranır. Evdən çıxmaq istəmir və bu da sosial fobiyalara gətirib çıxarır. Özünü qiymətləndirmə aşağı düşür, bu da pisixoloji bir xəstəlikdir".

 

Psixoloq deyib ki, bu cür situasiyalara hazır olmaq və ətraf mühitdən gözləntiləri minumuma edirmək lazımdır.

 

"İnsan ətraf mühitdən gözləntilərini aşağı saldıqda, yəni ətraf mühitdən heç bir yaxşılıq, təşəkkür və yaxud əməyinin qiymətləndirilməsini gözləməməlidir. Nə edirsə özü üçün etməlidir və həyatına davam etməlidir. Bu zaman onda heç bir travma olmayacaq".

 

Bəs insan öz psixologiyasını necə tənzimləməldir?

 

"Ən gözəli pozitiv düşüncədir. Pozitiv düçüncə bumeranq şəklindədir. Yəni bu həyata nə verirsən onu da götürürsən. Əslində düşüncələrimiz bizi idarə edir. Yəni düzgün düçüncə düzgün yaşamağın əsasıdır.

 

Birdən-birə şər, böhtanla qarşılaşan insanın ilk reaksiyası necə olardı? Şəhər sakinlərinin buna münasibəti fərqli oldu. Bu cür hadisələrdən heç kəs sığortalanmayıb. Buna görə də bu cür stuasiyalarla qarşılaşdıqda təmkinli olmaq davranaraq lazimi yerlərə müraciət etmək olar.

Müəllif | Apa.Tv
Almaz Qasımova