Soma faciəsində son rəqəm: 282 ölü - YENİLƏNİB
Türkiyənin Manisa vilayətinin Soma rayonu ərazisindəki kömür mədənində baş verən qəzada ölənlərin sayı 282-yə çatıb.
APA TV-nin məlumata görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib. Nazir son 12 saatta şaxtadan canlı fəhlə çıxarılmadığını deyib. Onun sözlərinə görə, 217 şaxtaçının meyiti ailəsinə təhvil verilib. Hazırda xəstəxanalarda 27 yaralı müalicə olunur. Vəziyyəti yaxşı olan xəstələr evə buraxılır.
İlkin ehtimala görə, hadisəyə qısaqapanma səbəb olub, bu da yanğına və partlayışa gətirib çıxarıb. Partlayış yerində xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, 1941-ci ildən etibarən Türkiyə mədənlərində 3 mindən çox adam ölüb.