Natiq Əliyev: "Dövlət Komissiyası 45 milyard dollarlıq layihələrlə məşğuldur”
"Azərbaycan Avropa Birliyi ilə birlikdə 5 il ərzində Cənub Qaz Dəhlizinin yaradılması istiqamətində böyük işlər görəcək. Bu məqsədlə Azərbaycan prezidenti tərəfindən baş nazirin birinci müavini Yaqub Eyyubovun sədrliyi ilə Dövlət Komissiyası yaradılıb. Dövlət Komissiyası bu gün 45 milyard dollar sərmayə qoyulacaq dörd böyük layihə ilə məşğuldur”.
APA TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında energetika naziri Natiq Əliyev deyib.
Nazir qeyd edib ki, layihələr sırasına daxil olan “Şahdəniz” layihəsinin tam miqyaslı işlənilməsi çərçivəsində iki platforma tikiləcək. Cənubi Qafqaz boru kəməri Gürcüstan ərazisində Türkiyə sərhədinə qədər genişləndirilməlidir. Onun sözlərinə görə, kəmərlə bağlı mühəndis işləri təhlil olunub, Dövlət Komissiyası tərəfindən bəzi qərarlar qəbul edilib, maliyyələşmə məsələsi həllini tapıb.
N. Əliyev Trans-Adriatik boru kəmərinin (TAP) də mühüm olduğunu qeyd edib. O bildirib ki, bu kəmər Adriatik dənizinin dibi ilə İtaliyaya Azərbaycan qazının nəqlini nəzərdə tutur. Bu layihələr 5 il ərzində həyata keçiriləcək və 5 il ərzində Avropanın enerji xəritəsi dəyişəcək.