“VAZ 2106” traktora çırpıldı: 20 yaşlı oğlan öldü, 4 gəncin vəziyyəti ağırdır

Zaqatalada bir nəfərin ölümü, 4 nəfərin  yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. APA TV-nin məlumatına görə, qəza Zaqatala-Qax yolunun 8-ci kilometrliyində, Muxax kənd ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Aşağı Tala kənd sakini, 20 yaşlı Azər İsayev idarə etdiyi “VAZ 2106” markalı  avtomobillə ötmə əməlini düzgün seçmədiyindən idarəetməni itirərək maşını eyni istiqamətdə hərəkətdə olan Qax rayonu Cüdürlü kənd sakini, 21 yaşlı Mahmud Məmmədovun idarə etdiyi içərisi quru ot bağlamaları ilə dolu qoşqulu  traktora çırpıb. Baş vermiş qəza nəticəsində sürücü Azər İsayev, onun sərnişinləri - Zaqatala rayonu Aşağı Tala kənd sakinləri, 22 yaşlı Həmzə Həmzəyev, 20 yaşlı Müseyf Şabanov, Zaqatala rayonu Donbabinə kənd sakini, 20 yaşlı Rəşad Mollaçıyev və traktorun sürücüsü Mahmud Məmmədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Zaqatala RMX-nın həkimi Müşviq Məmmədov  deyib ki, Rəşad Mollaçıyevdə heç bir həyat əlaməti olmadığından morqa yerləşdirilib.
Xəstəxanaya daxil olan digər yaralılardan Həmzə Həmzəyev, Müseyf  Şabanov və Mahmud Məmmədovun vəziyyəti isə orta-ağır hesab edilir.
Fakla bağlı Zaqatala rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vüqar Heydərov