Türkiyənin Azərbaycandakı səfirliyində mədən faciəsi ilə bağlı anım tədbiri keçirilib

Türkiyənin Manisa əyalətindəki Soma şəhərində yerləşən kömür mədənində baş verən faciə ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində anım mərasimi keçirilib. Azərbaycanın hökumət və dövlət rəsmiləri Türkiyənin ölkəmizdə olan iş adamları, diplomatik korpusun nümayəndələrinin iştirak etdiyi tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun göstərilən mənəvi dəstəyə görə Azərbaycana təşəkkür edib: “Dünyanın hər yerində olduğu kimi bizdə Bakıdan onlara səslənərək yanlarında olduğumuzu ifadə edirik. Biz Azərbaycanda anım tədbirini “Bir millət, iki dövlət” prinsipi ilə keçiririk. Dünəndən başlayaraq başda ölkə prezident olaraq Azərbaycanda hər səviyyədə gələn dəstək ifadələri bizim acılı gününmüzdə sığına biləcəymiz güc qaynağı olub".

 

APA TV-nin xəbərinə görə, Azərbaycanın baş nazirinin müavini Abid Şərifov isə Soma şəhərində yerləşən mədəndə baş verən partlayışı böyük fəlakət adlandırıb: “Bir daha istər Türkiyədə, istər Azərbaycanda belə fəlakətlərdən uzaq olaq. Mən bir daha hər birinizə səbir diləyirəm. Allah hər birinə rəhmət eləsin. Qəbirləri nurla dolsun".

 

Tədbir iştirakçıları səfirlikdə başsağlığı dəftərinə ürək sözlərini yazıblar. Qeyd edək ki, faciə ilə bağlı Türkiyədə 3 günlük matəm elan olunub. Türkiyədə olduğu kimi, Bakıdakı Türkiyə Səfirliyində, Gəncə və Naxçıvandakı baş konsulluqlarda bayraqlar yarıya qədər endirilib.

 

Müəllif | Apa.Tv