“The Buisness Year: Azerbaijan - 2014” ilin nominasiyalarını açıqladı!


Bakıda Böyük Britaniyanın nüfuzlu “The Buisness Year: Azerbaijan - 2014” nəşrinin təqdimat mərasimi keçirilib. Azərbaycan Prezident Administrasiyasının və “The Buisness Year” jurnalının təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan Prezident Administrasiyası İctimai siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənova Azərbaycanın milli maraqlarının təbliğinə görə “Vətənpərvərlik” mükafatı təqdim edilib. Avropa Azərbaycan Cəmiyyəti “İlin beynəlxalq dialoqu” mükafatına layiq görülüb, mükafat cəmiyyətin sədri Tale Heydərova təqdim edilib. Bundan başqa ARDNŞ “İlin xarici investoru”, “Paşa Bank” “İlin korporativ bankı”, AZAL-ın baş direktoru Cahangir Əsgərov “İlin aviaşirkət rəhbəri”, “Azərsun Holding” “İlin ixracatçısı”, “Bakcell” şirkəti “İlin mobil internet provayderi”, “AzVirt” şirkəti “İlin infrastruktur yeniliyi”, “Kaspi” Təhsil Mərkəzi “Vətəndaş cəmiyyəti sahəsində nailiyyəti”, “Bakıgəmiqayırma” “İlin investoru”, “Norm Sement” şirkəti “İlin sənaye şirkəti” seçilib.

Təqdimat mərasimində çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, Azərbaycan heç kimdən asılı olmayan, milli maraqlara uyğun, tam müstəqil daxili və xarici siyasət yürüdən dövlətdir. O, 2013-cü ildə “The Buisness Year” şirkətinin Azərbaycan prezidenti İlham Əliyevi dünyada “İlin Prezidenti” elan etdiyini xatırladıb.

“Bunun başlıca səbəbləri dövlət başçısının son beş ildə Azərbaycanın dinamik inkişafına, dünyanın geosiyasi məkanında fəal iştirakına, BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi qlobal arenada sülh və təhlükəsizliyin təmin olunmasına, ilk “Azərspace” telekommunikasiya peykinin orbitə buraxılması ilə Azərbaycanda, bölgədə və dünyada internetin, informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına verdiyi önəmli töhfələrə, habelə Azərbaycanın mühüm beynəlxalq ictimai, siyasi, iqtisadi, humanitar forumların, konfransların, idman yarışlarının keçirildiyi mərkəzə çevrilməsindəki xidmətləri olmuşdur. Göründüyü kimi, göstərilən səbəblərin hər biri Azərbaycanın müasir tarixində ölkəmizin identikliyini şərtləndirən vacib amillərdir”.

Mərasimdə Azərbaycanın birinci xanımı, Milli Məclisin üzvü, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Böyük Britaniyanın “The Buisness Year” jurnalı tərəfindən “İlin Birinci Xanımı” seçilib.

Xatırladaq ki, jurnalın bu nəşrində Azərbaycan prezidenti İlham Əliyevin, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və digər nüfuzlu şəxslərin müsahibələri yer alıb.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı