Ramiz Həsənov: “Şeyxülislam şəxsən mənimlə danışıqlar aparır”
“Qafqaz Müsəlmanları İdarəsi sədri Şeyxülislam Allahşükür Paşazadə “Halal qida. Ümumi tələblər” dövlət standartı ilə bağlı şəxsən mənimlə danışıqlar aparır”.
Bunu APA-ya Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov söyləyib.
Aprelin 17-də QMİ Qazılar Şurasının iclasında halallıq zəmanətinin verilməsi ilə əlaqədar QMİ nəzdində din xadimlərindən ibarət xüsusi komissiya yaradılıb. Allahşükür Paşazadə komitə ilə şəxsən özü danışıqlar apardığını deyərək məqsədin dövlət standartlarına uyğun sertifikat almaq üçün müraciət edən şirkətlərə bu sertifikatın QMİ-nin komissiyasının rəyi nəzərə alınaraq verilməsi olduğunu bildirib.
Ramiz Həsənov isə qeyd edib ki, Azərbaycanda ət kəsimi varsa, bu zaman İslam dininin qaydalarına riayət edilib-edilmədiyini Dövlət Komitəsi müəyyənləşdirə bilməz: . Buna görə də Azərbaycanda ət kəsimi zamanı müsəlman qaydalarına riayət edilib-edilmədiyi ilə bağlı prosesə nəzarəti Qafqaz Müsəlmanları İdarəsi həyata keçirəcək, bununla bağlı rəy verəcək: "Qalan istehsal prosesi tək ət kəsimi ilə məhdudlaşmır. Ona görə də qalan proses bizimlə bağlıdır”.
Hazırda ət və ət məhsulları istehsalı zamanı ətindən istifadə edilən heyvanların kəsimi Azərbaycanda yox, xarici ölkələrdə aparılır və Dövlət Komitəsi də həmin xarici ölkələrin müsəlman idarələri tərəfindən verilən rəyləri əsas götürür.