"ASAN xidmət"in Bakıda 4-cü mərkəzi istifadəyə verildi
“İndiyə qədər “ASAN xidmət”in bütün mərkəzlərinə 1 milyon 600 mindən çox insan müraciət edib”. Orta hesabla, gün ərzində “ASAN xidmət”in hər mərkəzinə 1500-2000-ə yaxın müraciət daxil olur. Bunu APA TV-yə müsahibəsində mərkəzin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Hüseynov deyib. Onun sözlərinə görə, ilkin mərhələdə “ASAN xidmət” mərkəzlərində 9 dövlət qurumu tərəfindən 23 hüquqi xidmət həyata keçirilirdisə, indi 10 dövlət orqanı tərəfindən 30 növ xidmət göstərilir. Eyni zamanda, mərkəzlərdə 28 növ funksional yardımçı xidmətlər təşkil edilib. "Mərkəzin xidmətlərindən Sabunçu, Xəzər və Pirallahı rayonlarının ərazisində qeydiyyatda olan 408 min vətəndaş yararlana biləcək. Bununla da Bakı şəhəri üzrə qeydiyyat məhdudiyyəti aradan qaldırılacaq və paytaxt sakinləri onlara yaxın olan mərkəzə müraciət edib xidmətlərdən yararlana biləcəklər".
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində, Sülh küçəsi 8A ünvanında yerləşən 4 saylı Bakı “ASAN xidmət” mərkəzi isə bu gündən fəaliyyə başlayıb. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi 5 mərtəbədən ibarətdir. Mərkəzinin həyətində “Uşaq Avtoşəhərciyi” mövcuddur. Burda ilk dəfə olaraq UNİCEF ilə birgə Uşaq Hüquq Mərkəzi yaradılıb. Mərkəzin işçilərinin ümumi sayı 209 nəfərdir. Onlardan 60 nəfəri könüllüdür.