Sərhəddən qanunsuz mal-qara keçirmək cəhdinin qarşısı alınıb
Dövlət Sərhəd Xidməti tərəfindən aprel ayı ərzində qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı uğurlu mübarizə aparılıb. APA TV-nin xəbərinə görə, ay ərzində dövlət sərhədini pozduqları üçün 29 halda 20 ölkə vətəndaşı olmaqla 36 nəfər saxlanılıb. Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 219 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 10 halda 59 kiloqram 827 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Ay ərzində 52 halda ümumi dəyəri təqribən 981 min manat olan qaçaqmalın, o cümlədən 1 ədəd pnevmatik silah, 1 ədəd beşbarmaq, 14 ədəd zinət əşyası, 1 kiloqram gümüş məmulatı, 11 ədəd mobil telefon, 51 ədəd mobil telefon aksessuarı, 1550 qutu siqaret, 10 baş iribuynuzlu mal-qara, 728 ədəd müxtəlif dərman preparatı, ərzaq və sənaye mallarının sərhədlərimizdən keçirilməsinin qarşısı alınıb.