Bakıda evində öldürülən kişinin qatili tutuldu
Sabunçu rayonunda meyiti tapılan kişini öldürməkdə təqsirləndirilən şəxs saxlanılıb. Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, 1964-cü il təvəllüdlü İltifat Mehrəliyevi qətlə yetirən şəxsin Gürcüstan vətəndaşı, 1991-ci il təvəllüdlü Turqay Bədəlov olduğu müəyyənləşib.
Mayın 13-də metronun “Koroğlu" stansiyası yaxınlığındakı gecəqondu tipli evlərdən birində kişi meyiti tapılıb. Evdən kəskin qoxu hiss edən qonşular polisə xəbər veriblər. Hadisə yerinə gələn polis əməkdaşları evdən meyit aşkarlayıblar. Onun bir neçə gün öncə qarın və boğaz nahiyəsindən aldığı bıçaq xəsarətlərindən öldüyü müəyyənləşib.
Mərhumun oğlu Əliyar Mehrəliyev bildirib ki, atasının ölüm xəbərini polislərdən öyrənib. O, atasının naməlum şəxs və ya şəxslər tərəfindən qətlə yetirildiyindən şübhələndiyini bildirib. Ə. Mehrəliyevin sözlərinə görə, fəhlə işləyən atası ilə hadisədən 10 gün öncə görüşüb. Faktı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi araşdırır.
Lent.az-ın yaydığı məlumata görə isə mərhum və qətli törədən şəxs cinsi azlıqların nümayəndəsi olub. Onların arasında intim münasibətlərin olduğu idda edilir. Sayt hadisənin qısqanclıq zəminində baş verdiyini yazıb.