XİN: Azərbaycan Mərkəzi Asiya və Ərəb dövlətləri arasında körpüdür

"Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizi gələcəkdə Mərkəzi Asiya ilə Ərəb dövlətləri arasında da malların daşınmasında öz töhfəsini verə bilər".

 

Mayın 13-də Ər-Riyad şəhərində Ərəb Dövlətlərİ Liqası, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin forumunda xarici işlər naziri Elmar Məmmədyarovun çıxışını şərh edən nəzirliyin şöbə müdiri Hikmət Hacıyev APA TV-yə deyibn ki, forumda Azərbaycan tərəfdən nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi təklifi irəli sürülüb: "Çünki Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Ərəb dövlətləri arasında sanki bir körpü rolunu oynayır. Nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və Azərbaycanın regional nəqliyyat qovşağına çevrilməsi ölkənin strateji xətlərindən biridir". 

 

Forumda imzalanan anlaşma memorandumunun ən başlıca maddəsində dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət əsasında əməkdaşlığın həyata keçirilməsi göstərilib. Bu məsələ forumun sonunda qəbul olunan Ər-Riyad bəyannaməsində də əksini tapıb: "Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ərəb dövlətləri və Mərkəzi Asiya ölkələrinin mövqeyi bir daha ortaya qoyuldu. Əsas mahiyyət də ondan ibarət idi ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində BMT TŞ-nin qəbul etdiyi qətnamələr əsasında həll edilməlidir".

 

Tədbirdə prezident İlham Əliyevin təşəbbüskarı olduğu və hər il Bakıda keçirilən Bakı Humanitar forumunun əhəmiyyəti də qeyd olunub.

 

Hikmət Hacıyev Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Azərbaycanın prioritetlərini də şərh edib. Onun sözlərinə görə, Azərbaycanın prioritetləri qurumun fəaliyyətinin məğzini təşkil edən qanunun aliliyi, insan hüquqları və demokratiya prinsipləri əsasında qurulub. Bunlardan biri də Azərbaycandakı qaçqın və məcburi köçkünlərin taleyi ilə bağlı xüsusilə aktual olan sosial ədalət və sosial rifah məsələsidir.

 

Nazirliyin şöbə müdiri digər prioritetlərin korrupsiyaya qarşı mübarizə və mədəniyyətlərarası dialoq olduğunu diqqətə çatdırıb.

 

Müəllif | Apa.Tv