Bakı metrosunda baş verən yanğının səbəbi açıqlandı-YENİLƏNİB

Bu səhər saatlarında Bakı metrosunda fövqəladə hadisə baş verib. Həzi Aslanov-Dərnəgül xətti ilə hərəkətdə olan qatarlardan birində yanğın baş verib. Hadisə “Koroğlu” stansiyasında qeydə alınıb. Sərnişinlər təxliyə olunub. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. “Bakı Metropoliteni”nin mətbuat xidmətindən APA-ya bildirilib ki, bu gün saat 08.09-da 38 saylı marşrutla hərəkət edən qatar “Koroğlu” stansiyasında platformada olarkən 4-cü vaqonunda tüstülənmə olub. Sərnişinlər dərhal təxliyə olunub. Xətlər gərginlikdən ayrılıb. Qatara baxış keçirilib, tüstülənmənin qarşısı alınıb. Bu müddət ərzində stansiyaya sərnişinlərin girişinə məhdudiyyət qoyulub, qatarların hərəkəti dayandırılıb. Daha sonra qatar baxış üçün depoya göndərilib. 08.30-da bütün qatarların hərəkəti bərpa olunub. Qatarların hərəkətində yaranmış fasilə 21 dəqiqə davam edib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

 

Yanğının baş vermə səbəblərinə gəlincə isə metropolitendən bildirilib ki, qatarın aşağı hissəsində yerləşən mühərrikdən çıxan naqillərdə boşluq nəticəsində qırılma baş verib. Naqil əriyib və nəticədə tüstülənmə əmələ gəlib. Bu qatar əvvəlcədən də baxışdan keçirilib. Sadəcə, qırılma qatar hərəkətdə olarkən baş verib".

 

Metropolitendən bildirilib ki, həmin qatarların istismar müddəti başa çatmaq üzrədir. Nasazlıq da məhz bu səbəbdən baş verir. Hazırda yeni metro qatarların gətirilməsi ilə bağlı danışıqlar aparılır. Bununla bağlı  Fransa şirkəti ilə anlaşma memorandumu da imzalanıb.

 

Müəllif | Apa.Tv
Apa.tv