10 gün əvvəl həbsdən çıxan şəxs ağır cinayət törətdi

Tərtərin Bəyim Sarov kəndində Rüxsarə Həsənovanın evini qarət edən dəstə yaxalanıb. APA TV-nin məlumatına görə, dəstə üzvləri basqın etdikləri evin sahibini bıçaqlayıblar. Tərtər Rayon Polis Şöbəsi İstintaq bölməsinin rəisi Elvin Kərimov bildirib ki, saxlanılan şəxslər Gəncə şəhər sakini Nəcəfov Məmməd Nəcəf oğlu, Quliyev Kənan Ruslan oğlu və Gəncədə məskunlaşan Kəlbəcər rayonundan məcburi köçkünlər Nağıyev Teymur Maqsud oğlu və Həmzəyev Vahid Xanbaba oğludur. Dəstəyə rəhbərlik edən Məmməd Nəcəfov bu ilin aprel ayının 8-də həbsdən çıxıb, on gündən sonra isə dəstə yaradaraq Tərtərdə quldurluq əməli törədib. Onlar aprelin 18-də Rüxsarə Həsənovanın oğlu Vidadi Hüseynova çoxsaylı bıçaq zərbəsi vuraraq evdən 600 manat pul və 1800 manat dəyərində qızıl-zinyət bəzək əşyalarını aparıblar. 

Müəllif | Apa.Tv