Baş nazirini müavini: "... gərək bir neçə il də gözləyək"

“Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrləri formatından aralanmaq istəmir”.

 

APA TV-nin məlumatına görə, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

 

"Vəzifələri səfər etmək, faktı müəyyənləşdirmək, gəlib öz ölkələrinin rəhbərlərinə məruzə etməkdir, bunu da edirlər. Bu format dəyişilsə və yeni bir format ortaya çıxsa gərək bir neçə il də gözləyək, onlar gəlib hələ problemlə tanış olsunlar, öyrənsinlər. Digər tərəfdən, ATƏT-in Minsk Qrupunun əsasnaməsi elə hazırlanıb ki, həmsədrləri dəyişmək mümkün olmasın. Çünki əsasnaməni dəyişmək üçün konsensusun əsas olduğu qeyd edilib. Ermənistan da heç vaxt konsensusa gəlmir. Ona görə də hesab edirik ki, ATƏT-in həmsədrlərini dəyişmək əhəmiyyətsizdir. Əksinə, çalışmalıyıq ki, mövcud ATƏT-in Minsk Qrupunun həmsədrlərinin əli və səlahiyyəti ilə Dağlıq Qarabağ probleminin həllinə nail olaq". Baş nazirin müavini həmsədrlərin Laçın və Kəlbəcərə planlaşdırılan səfərinə də münasibət bildirərək deyib ki, ATƏT-in Faktaraşdırıcı Missiyası işğal altındakı rayonlara 2005-ci və 2010-cu ildə səfərlər edib.

 

“Faktaraşdırıcı Missiya 2010-cu ildə işğal olunmuş rayonlarda 14 min erməninin məskunlaşdırdığını açıqlayıb, daha sonra bu rəqəm 18 min nəfər göstərilib. Ancaq Azərbaycan tərəfində olan məlumata görə, ümumiyyətlə, işğal altındakı ərazilərdə qeyri-qanuni məskunlaşma 25 min nəfərə qədər idi. ATƏT-in Faktaraşdırıcı Missiyasının son hesabatını dərc etməsinin üzərindən 4 il keçir. Bütün bu yeni təkliflər, prinsiplər, səfərlər münaqişənin həllinin uzadılmasına yönəlib". Komitə sədri onu da vurğulayıb ki, Minsk Qrupunun 20 illik fəaliyyətinin heç bir nəticəsi yoxdur.

 

Müəllif | Apa.Tv