Gəncədə məzunların iş yeri ilə təmin olunması üçün tədbir keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində ənənəvi, VI “Məzun 2014” əmək yarmarkası keçirilib. APA TV-nin qərb bürosundan verilən məlumata görə, yarmarkada respublikanın 30-dan artıq rayon və şəhərindən 100-ə yaxın müəssisə 1050-ə kimi vakant yerlərini təqdim edib. Tədbirdə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev, Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov, Gəncə şəhər İcra Hakimiyyəti aparatının nümayəndələri, həmçinin təhsil ocağının tələbə, müəllim heyəti iştirak edib. Universitetin rektoru İbrahim Cəfərov çıxış edərək bildirib ki, 2009-cu ildən Aqrar Universitetdə məzun yarmarkaları keçirilir. O, qeyd edib ki, cari ildə 1309 bakalavr, 100 magistr təhsil ocağını bitirir. Rektor bu kimi yarmarkalarda məzunların böyük bir hissəsinin özlərinə əlverişli iş yerləri tapa bildiyini söyləyib. Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev isə çıxışında respublikada aqrar mütəxəssislərə tələbatın olduğunu qeyd edib və təhsil ocaqlarında belə yarmarkaların keçirilməsini məqsədəuyğun hesab edib. Tədbirdə qeyd edilib ki, məzun yarmarkalarının keçirilməsində məqsəd respublikanın əmək bazarında vəziyyət və vakansiyalar barədə obyektiv informasiya almaq və məzunları işlə təmin etməkdən ibarətdir.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli