Bahar Muradova: "Həmsədrlərin Laçın və Kəlbəcərə səfəri..."

“ATƏT-in Minsk Qrupuna həmsədr ölkələrin fəaliyyəti bir-birini təkrarlayır və tamamlayır”. Bunu Milli Məclis sədrinin müavini Bahar Muradova söyləyib. Onun sözlərinə görə, zaman-zaman ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrdən gah biri, gah da o birisi digər ölkələrin passivliyi fonunda fəallaşır.

 

“Bundan əvvəl Rusiya, Rusiyadan əvvəl ABŞ fəal idi, indi isə ABŞ və Fransanın fəallığı fonunda Rusiya passiv görünür. Azərbaycan çox arzulayardı ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bu fəallaşması koordinasiya olunmuş şəkildə həyata keçirilsin. Bu bəyanatlar da bir-biri ilə razılaşdırılaraq verilsin. Fransa prezidenti Fransua Ollandın Azərbaycan və Ermənistana səfəri zamanı verdiyi bəyanatlar istənilən halda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mövqeyidir".

 

Vitse-spiker Fransa və Azərbaycan arasındakı münasibətlərə bu səfərin çox böyük təsir göstərəcəyinə əmin olduğunu deyib.

 

"Ona da əminəm ki, Azərbaycana ilk səfəri Fransua Ollanda Azərbaycan və onun mövqeyi barədə konkret dəqiqləşmələr aparmağa imkan verəcək. Minsk Qrupunun həmsədri, həm də BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkənin, həm də özünün elan etdiyi kimi, Azərbaycana dost olan Fransanın mövqeyində müəyyən dəqiqləşmələrə xidmət edəcək. Bu mütləqdir”

 

Həmsədrlərin Laçın və Kəlbəcərə səfərinin konkret nəticələrə gətirib çıxaran fəaliyyətə və hərəkətə səbəb olmasını arzu etdiyini deyən Bahar Muradova onu da bildirdi ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Laçın və Kəlbəcərə səfəri Azərbaycan üçün də maraqlıdır.

 

Müəllif | Apa.Tv