Əmlak Komitəsi elektron xidmətin tətbiqinə başladı

Əmlak Məsələləri Dövlət Komitəsi yeni elektron xidmətlərin təqdimatını keçirib. APA TV-nin məlumatına görə, tədbir yeni elektron xidmətlərin, eləcə də daşınmaz əmlakla bağlı dövlət reyestrindən məlumatın verilməsi ilə əlaqədar elektron xidmətin ictimai müzakirəsinə həsr olunub. Tədbirdə çıxış edən komitənin sədr müavini Rafiq Cəlilov bildirib ki, yeni elektron xidmətdən istifadə etməklə vətəndaşlar və əmlak sahibləri dövlət reyestrindən məlumatları internet vasitəsilə əldə edəcəklər. Bununla bağlı ərazi qeydiyyat idarələrinə ərizələrin yazılması, idarələrə müraciət edilməsinə ehtiyac qalmayacaq. Bu xidmət əhali, dövlət qurumları, fiziki və hüquqi şəxslər, banklar və digər daşınmaz əmlak sahibləri üçün faydalı olacaq.

 

"Əmlak Məsələləri Dövlət Komitəsi 2012-ci ildən elektron xidmətlərin tətbiqinə başlayıb.  Hazırda 20 interaktiv, 2 informativ xidmət vətəndaş və əmlak sahiblərinin istifadədir".

 

Rafiq Cəlilovun sözlərinə görə, ilin sonuna qədər elektron xidmətlərin sayı artırılacaq. İl ərzində istifadəyə veriləcək xidmətlərə icarə haqqı borcları haqda məlumatların SMS vasitəsilə icarəçiyə göndərilməsi, daşınmaz əmlaka dair xidmət haqqı, mülkiyyətə dair çıxarışın hazır olma tarixi haqda məlumatın SMS vasitəsilə verilməsi,  kadastr və texniki məlumatların alınması üçün müraciətlərin elektron qəbulu və başqa xidmətlər olacaq.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı