Soma faciəsində həlak olanların xatirəsi Milli Məclisdə anıldı

 

Milli Məclisinin növbəti plenar iclası Türkiyənin Manisa vilayətində kömür mədənində baş verən partlayışda ölənlərin ruhu bir dəqiqəlik sükutla yad edilməklə başlayıb. APA TV-nin məlumatına görə, millət vəkilləri ilk olaraq “Azərbaycan Respublikasının 2013-cü ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini müzakirə ediblər. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, yaxın illərdə Azərbaycanın dövlət büdcəsi 100 milyard manata çatacaq. Komitə sədri deyib ki, bütün dünya ölkələrində kölgə iqtisadiyyatının mövcud olduğu halda Azərbaycanda bununla mütəmadi mübarizə aparılır. Bunu nəticəsində vergi gəlirləri, büdcəyə daxilolmaları artırıb. Daha sonra çıxış edən maliyyə naziri Samir Şərifov deyib ki, son 5 ildə ölkə iqtisadiyyatına 80 milyard dollar investisiya yatırılıb. Onun sözlərinə görə, ölkədə adam başına düşən illik gəlir 7,8 min manat təşkil edir ki, nəticədə Azərbaycan MDB ölkələri arasında Rusiya və Qazaxıstanla birgə ilk sıraları tutur. Müzakirələr zamanı çıxış edən millət vəkili Qənirə Paşayeva Vergilər Nazirliyinə bəzi təkliflərlə çıxış edib. Onun sözlərinə görə, ön cəbhədə yerləşən kəndlərdə işsizliklə bağlı problemlər mövcuddur. Kiçik sərmayələri bu əraziyə cəlb etmək üçün həmin yerlərə vergi güzəştləri tətbiq olunmaqla müsbət nəticələr əldə etmək olar. “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında” qanunu qəbul edildikdən sonra millət vəkilləri gündəlikdə duran 6 qanun layihəsini səsə qoyaraq qəbul ediblər.

Müəllif | Apa.Tv