Bakı məscidlərində Soma qurbanlarının ruhuna dualar oxundu
Bakının Əjdərbəy məscidində Cümə xütbəsi Türkiyənin Manisa vilayətindəki Soma kömür mədənində baş vermiş faciəyə həsr olunub. APA TV-nin xəbərinə görə, xütbəni Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev oxuyub.
"Necə ki, Türkiyə ağır günlərimizdə bizim yanımızda olub, biz də bu ağır gündə onların yanındayıq. Biz “bir millət iki dövlət olaraq” hər zaman bir yerdəyik. Həmçinin Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə lazım gələrsə, maddi yardım da ediləcək".
Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər üzrə müşaviri Sadiq Eraslan bildirib ki, Azərbaycan çətin anda Türkiyənin yanındadır.
"Bu hüznlü günümüzdə, müsibətli anımızda maddi və mənəvi olaraq hər yöndən həqiqi qardaşlığın gərəyi olaraq yanımızda olduqlarını söz ilə də, əməl ilə də ortaya qoyublar. Lazım olanda qardaş qardaş üçün hər şey edər. Və biz bunu Azərbaycanda artıqlaması ilə görürük".
Sonra Türkiyənin Manisa vilayətində kömür mədənində vəfat edən şəxslərin ruhuna Quran oxunub. Cümə namazından sonra cənazə namazı qılınıb. Mərasimdə Türkiyə Respublikasının ölkəmizdəki səfiri İsmail Alper Coşkun da iştirak edib. Bu gün Azərbaycanın bütün məscidlərində Cümə xütbələrində Türkiyədə baş vermiş faciə xatırlanıb.