Qüdrət Həsənquliyev: "300 manat maaş alan varlıdırsa, niyə ipoteka krediti ala bilmir?"
"Yüksək rəqabətə davamlı, ixtisaslı kadrların hazırlanması üçün Azərbaycan gənclərinin nüfuzlu ali təhsil müəssisələrində oxumasına ehtiyac var".
APA TV-nin bunu milli məclisin iclasında çıxış edən millət vəkili, Qüdrət Həsənquliyev deyib. Millət vəkili Azərbaycan gənclərinin xaricdə təhsili ilə bağlı dövlət proqramının icrasından narazılıq edib: "Bu proqramın başa çatmasına az qalmasına baxmayaraq, 2007-2015-ci illər ərzində beş min nəfərdən 2612-si xaricdə təhsil almaq üçün göndərilib. Hesab edirəm ki, bu təqribən 50 faizdən bir az artıqdır. Bu, çox narahatedici bir faktdır. İxtisas seçimində də müəyyən məhdudiyyət var. Adətən, uşaqları humanitar fənlər üzrə xaricdə oxumağa göndərmirlər. Amma bizim tanınmış universitetlərdə oxumuş, beynəlxalq səviyyəli hüquqşunaslara çox böyük ehtiyacımız var".
Qüdrət Həsənquliyev həmçinin İpoteka Fondunun fəaliyyətinə də toxunub: "Yaxşı haldır ki, büdcədən ipoteka kreditləşməsi üçün 40 milyon manat yarılıb. Statistika Komitəsi adambaşına düşən gəliri 300 manatdan artıq olan adamları varlı ailə adlandırır. Amma bizdə 300 manat maaş alan vətəndaşa ipoteka krediti verilmir. Varlılar ipoteka kreditini ala bilmirsə, onda orta və ya aşağı təbəqə kreditləşmədən necə istifadə edə bilər?"
Millət vəkili həmçinin ölkədə xarici dillərin öyrənilməsinə aid xüsusi dövlət proqramının qəbul olunmasına ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, əsasən, Bakı və digər iri şəhərlərdə məzun olan şagirdlər xaricdə oxuya bilir.