Şəmkir və Gəncədə 3 nəfəri bıçaqlayan şəxslər aradan çıxıblar
Şəmkirdə bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Yuxarı Çaykənd kəndində baş verib. APA TV-nin məlumatına görə, kənd sakini, 44 yaşlı Muğan Abbasov daxilə keçən bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirirlər. Polis əməkdaşlarının apardığı araşdırmalar zamanı məlum olub ki, Muğan Abbasovu yeznəsi, 47 yaşlı Qoşqar Ələkbərov bıçaqlayıb. Şəmkir rayon Polis Şöbəsindən verilən məlumata görə, yaxın qohumunu bıçaqlayan Qoşqar Ələkbərovu saxlamaq mümkün olmayıb. Gəncə şəhərində də bir gündə iki bıçaqlanma hadisəsi baş verib. Şəhər sakini 24 yaşlı Elgiz Məmmədov sol sağrı nahiyəsinin deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Araşdırma zamanı məlum olub ki, Elgiz Məmmədovu Nicat Abbasov adlı şəxs bıçaqlayıb. İdarədən verilən məlumata görə, Gəncə şəhər sakini 33 yaşlı Ramin Məmmədov da bıçaq yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Araşdırma zamanı məlum olub ki, onu Anar adlı şəxs bıçaqlayıb. Hər üç fakt üzrə araşdırma aparılır. Təqsirləndirilən şəxslərin tapılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.