Cəlilabadda 20 yaşlı qızı ilan sancıb
Cəlilabadda son iki həftə ərzində üçüncü ilansancma faktı qeydə alınıb. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə rayonun Soltankənd ərazisində baş verib. Kənd sakini, 20 yaşlı Firuzə Əmirli evlərinin qarşısındakı həyətyanı sahədə tərəvəz toplayarkən otlar arasında gizlənən ilan qəfildən onu vurub. Firuzənin qışqırıq səsinə gələn yaxınları qızın ayaq nahiyəsinin tədricən şişdiyini görüb dərhal onu Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Burada xəstəyə lazımi tibbi yardım göstərildikdən sonra onun həyatı üçün hər hansı təhlükə aradan qaldırılıb.
Hazırda həkimlərin nəzarəti altında olan F. Əmirlinin vəziyyəti qənaətbəxşdir.