“Alov Qüllələri”nin qarşısında ölümlə nəticələnən yol qəzası baş verib
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə "Alov Qüllələri"nin yaxınlığında qeydə alınıb. Mehdi Hüseyn küçəsində yolu keçmək istəyən piyadanı maşın vurub. Qəzadan sonra sürücü hadisə yerindən qaçıb. Piyada, 1955-ci il təvəllüdlü Vəzirxan Xankişiyevin vəziyyəti ağır olduğundan hadisə yerinə təcili yardım çağırılıb. O 1 saylı şəhər klinik xəstəxanasına çatdırılarkən yolda ölüb.
Hadisə yerindən qaçan sürücünün tapılması üçün əraziyə Dövlət Yol Polisinin Səbail Rayon Şöbəsinin əməkdaşları cəlb olunublar.
Hadisə şahidlərinin sözlərinə görə, piyadanı vuran sürücü maşını yüksək sürətlə idarə etdiyindən avtomobilin markasını və dövlət nömrə nişanını müəyyən etmək mümkün olmayıb. Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.