Bakıda Soma şəhidlərinin xatirəsi yad edilib


Bakıdakı Atatürk parkında Azərbaycan-Türkiyə Gəncləri Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Türkiyənin Soma qəsəbəsində kömür mədənində baş vermiş faciə ilə bağlı anım mərasimi keçirilib. Mərasimdə dostluq cəmiyyətinin nümayəndələri, Türkiyənin Azərbaycandakı səfirliyi, türk iş adamları, azərbaycanlı və türkiyəli tələbələr iştirak ediblər. Tədbir iştirakçıları öncə Mustafa Kamal Atatürkün parkdakı heykəlinin qarşısına gələrək faciədə vəfat edənlərin ruhunu 1 dəqiqəlik sükutla yad ediblər.

Anım yürüşünə qatılanlar Soma faciəsinin Azərbaycanda ürək ağrısı ilə qarşılandığını vurğulayıblar. Tədbirdə çıxış edən Azərbaycan-Türkiyə Evinin sədri, Tənzilə Rüstəmxanlı bildirib ki, ölkələrimiz belə ağır günlərdə bir-birinin yanındadır. Mərasimdə o da qeyd olunub ki, ölkə rəhbəri İlham Əliyevin, ziyalıların başsağlığı mesajları, eyni zamanda, qardaş xalqa göstərdikləri dəstək Türkiyə üçün güc mənbəyidir. Sonda iştirakçılar Bakıdakı Türkiyə səfirliyinin qarşısına gələrək faciə qurbanlarının xatirəsinə ehtiram olaraq səfirliyin qarşısına əklil qoyublar.
 

Müəllif | Apa.Tv