Türkiyədə mədən qəzasında ölənlərin sayı 298 nəfərə çatdı

Türkiyənin Manisa vilayətinin Soma qəsəbəsində kömür mədənində baş vermiş faciədə dünyasını dəyişənlərin sayı 298 nəfərə çatıb. Rəqəmi açıqlayan Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız xilasedicilərin daha 8 işçinin meyitini torpaq altından çıxardıqlarını deyib: "Hazırda intensiv şəkildə xilasetmə işləri davam edir. Hesab edirəm ki, gün ərzində mədəndə qalan digər işçiləri də xilas edə biləcəyik".

Nazir həmçinin mədəndə 100-dən çox işçinin qalması ilə bağlı yayılan məlumatları təkzib edib: “Hadisə baş verən zaman mədəndə 787 işçi olub. Onların 485 nəfəri xilas edilib. Bu günə qədər 298 nəfərin cəsədi çıxarılıb. Odur ki, biz hazırda mədəndə qalan 17-18 nəfərin həyatını xilas etmək istiqamətində iş aparırıq".

Müəllif | Apa.Tv
Apa.tv