FHN Qəbələdə kompleks təlim keçirib

Qəbələ rayonunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks təlim keçirilib. Təlimə Qəbələ rayon İcra Hakimiyyətinin, rayon fövqəladə hallar komissiyasının nümayəndələri, rayonun mülki müdafiə xidməti cəlb olunub.

Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti obyektə daxil olan cinayətkar qrupun zərərsizləşdirilməsi, fövqəladə hal baş vermiş ərazinin mühafizə edilməsi, baş vermiş yanğınların söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, partlayış baş vermiş obyektdə kimyəvi kəşfiyyatın təşkili, axtarış-xilasetmə və zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsi işlərini, həmçinin adamların təhlükəsiz ərazilərə təxliyəsi ilə bağlı tapşırıqları yerinə yetiriblər.

Təlimlərin keçirilməsində əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının artırılmasına, praktiki tədbirlərin yerinə yetirilməsinə, mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib.

Təlimə 18 nəfər zabit heyəti, xidmət təşkilatlarının 300 nəfərlik mülki müdafiə dəstələri, 34 ədəd zəruri texnika və mexanizm cəlb edilib.


 

Müəllif | Apa.Tv
Elvin Yaqubov