Azərbaycanın baş travmotoloqu: “Ölkəmizin travmatoloji xəstəliklərə görə statistikası...”

"Azərbaycanda travmatoloji xəstəliklərə görə statistika digər ölkələrin statistikasından çox fərqlənmir. Buna baxmayaraq cənub bölgəsində digər bölgələrlə müqayisədə bud-çanaq oynağının patologiyasına daha çox rast gəlinir. Suda yod miqdarı az olan rayonlarda dayaq-hərəkət sisteminin xəstəliklərinə daha çox təsadüf olunur. Amma ümumilikdə götürdükdə xəstəliklərin sayında ciddi fərq yoxdur”. Bu fikirləri APA TV-yə müsahibəsində Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru, respublikanın baş travmatoloqu Vaqif Verdiyev deyib. Onun sözlərinə görə xəstəliklərin bəzi milli xüsusiyyətləri var.

Əhali tərəfindən ən çox hansı xəstəliklərlə bağlı müraciətlərin daxil olmasına gəlincə, baş travmatoloq vurğulayıb ki, ölkədə son 10 ildə oynaqların endoprotezləşdirilməsi (yəni oynaqların süni oynaqlarla əvəz edilməsi) ilə bağlı müraciətlər daxil olur və əməliyyatlar aparılır: “Belə xəstələr tarixən keçmişdə əməliyyat olunmayıb. İndi isə bütün əhali müraciət edir və oynaqlarını süni oynaqla əvəz etmək istəyir. O da şübhəsiz, böyük yükdür və problemi birdən-birə həll etmək mümkün deyil. Ümumiyyətlə, bizə daha çox süni oynaqların əvəzlənməsi üçün gənclər müraciət edir. Əvvəllər gənc xəstələrə də süni oynaq qoyulması tövsiyə olunurdu. Amma son tədqiqatlar onu göstərir ki, insanın öz oynağını heç nə əvəz etmir. Xəstə əgər öz oynağı ilə yaşaya bilirsə, mümkün qədər əməliyyat məsələsi uzadılır. Çünki əməliyyat olunan xəstələrdə 10-15 ildən sonra həyat tərzi, protezlərin çoxillik keyfiyyətindən asılı olaraq yenidən oynağı dəyişmək əməliyyatı həyata keçirilir. 2-3 dəfə əməliyyat etdikcə onun mürəkkəbliyi daha da artır. Ona görə də çalışmaq lazımdır ki, çanaq oynağında problemlər, çıxıqları olan xəstələr bizə mümkün qədər erkən dövrdə müraciət etsinlər”.

Qeyd edək ki, bu gün Azərbaycan travmatoloqlar və ortopedlərinin I Qurultayı keçirilib. Məqsəd ölkədə bu sahə üzrə vəziyyəti təhlil edərək bu günün kadr potensialını bütün ölkə ərazisində səmərəli istifadə etmək, vətəndaşlara yüksək səviyyəli ixtisaslaşmış yardımı yalnız paytaxtda, böyük şəhərlərdə deyil, həmçinin bölgələrdə də təşkil etməkdir.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı