Ətirlisən, dadlısan, çay, çay, çay...

Lənkəranda mövsümün ilk çay yığımına başlanıb. Yerli çaybecərənlər bu il də məhsulun bol olacağın; və yığımın oktyabr ayına qədər davam edəcəyini deyirlər.
Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun Lənkəran çay və sitrus bitkiləri filialının direktoru Fərman Abdullayev deyir ki, son dövrlərdə rayonda çayçılıq sürətlə inkişaf etməkdədir: “Son dövrlər çayçılıq yüksək inkişaf etməkdədir, yeni plantasiyalar salınır. Fermerlərimizin əsas problemi burada müasir, mini texnikaya olan ehtiyacdır. Artıq belə bir texnika biz tərəfimizdən sınaq məqsədilə gətirilib. Biz bu texnikanın sınağını artıq keçiririk».
Filial direktoru rəhbərlik etdiyi müəssisədə həm məhsuldarlıq baxımından, həm də keyfiyyət göstəricilərinə görə yeni çay növlərinin yetişdirildiyini deyib.
Uzun illərdir çayçılıqla məşğul olan fermer Rəşid Quliyev ölkəyə mini texnikaların gətirilməsinin çayçılıq sahəsinin inkişafına, yeni çay plantasiyalarının salınmasına şərait yaradacağını deyir. Əl əməyindən istifadənin azalması ilə çayın maya dəyəri aşağı düşəcək ki, bu da yerli çayın alıcılıq qabiliyyətini daha da artıracaq. Fermerin sözlərinə görə, ona məxsus çay plantasiyalarından ötən il 20 ton məhsul tədarük edilmişdisə, bu il 30 tona yaxın yaşıl çay yarpağının yığımı gözlənilir. Məhsul artımını şərtləndirən amillərdən biri də məhz bu sahənin inkişafını sürətləndirən mini texnikaların rayona gətirilməsidir: “Problemlərdən biri emal olunmuş çayın müxtəlif çeşidlərə ayrılmasıdır. Bu prosesdə əl əməyindən istifadə olunur ki, nəticədə bu amil çayın ümumilikdə maya dəyərinin artmasına gətirib çıxarır”.
Lakin fermerlərin qayğıları bununla bitmir. Hazırda çayçılıq sahəsində əsas problemlərdən biri müasir suvarma sisteminin, mini fabriklərin və qurudulmuş çayı çeşidlərə ayıran fiteoparator adlı aqreqatın olmamasıdır.
Hazırda cənub bölgəsində alıcılara 4 növ yerli çay təklif olunur. Növündən asılı olaraq 1 kiloqram çayın qiyməti 20-50 manat arası dəyişir. Hazırda Lənkəranda 2 min hektara qədər çay əkininə yararlı torpaq sahəsi var.

 

Müəllif | Apa.Tv