"Atletiko Madrid" İspaniya çempionu oldu
İspaniya La Liqasının qalibi müəyyənləşdi. APA TV-nin məlumatına görə, səfərdə "Barselona" ilə qarşılaşan Madrid "Atletiko"su ilk hissədə 1:0 hesabı ilə məğlub duruma düşməsinə baxmayaraq, ikinci hissənin əvvəlində vurduğu qolla "Nou Kamp"dan heç-heçə ilə ayrıla bildi və 18 illik fasilədən sonra tarixinin 10-cu çempionluğuna nail oldu. "Nou Kamp"a lider olaraq çıxan "Atletiko" səfərdə oynamasına və çempionluq üçün heç-heçənin də kifayət etməsinə baxmayaraq, oyuna hücum futbolu ilə başladı. Lakin bir-birinin ardınca iki ulduz futbolçunun zədələnməsi "Atletiko"nun planlarını alt-üst etdi. Əvvəlcə 14-cü dəqiqədə Dieqo Kosta zədələndi və oyunu davam etdirə bilmədi. 23-cü dəqiqədə isə Arda Turan belinə dəyən zərbə nəticəsində zədələndi. Həkimlərin müdaxiləsindən sonra türk futbolçu meydana qayıtsa da, cəmi bir dəqiqə qaldı və göz yaşları içərisində oyunu yarımçıq tərk etdi. "Barselona" hesabı oyunun 33-cü dəqiqəsində Aleksisin qolu ilə açdı. Birinci hissə bu hesabla başa çatdı. Lakin ikinci hissəyə də hücumlarla başlayan "Atletiko" istəyinə nail oldu. 49-cu dəqiqədə uruqvaylı futbolçu Qodin madridlilərin bərabərlik qolunu vurdu. Bundan sonra oyunda qol olmadı. Beləliklə, "Atletiko Madrid" xallarının sayını 90-a çatdırdı və çempionluğa yüksəldi. "Barselona" və Madrid "Real"ı isə hərəyə 87 xalla 2-3-cü yerləri bölüşdürdülər.