Bosniya-Hersoqovina və Serbiya su altında - ölənlər var
Bosniya-Hersoqovina və Serbiyada güclü yağış və çayların daşması nəticəsində yaranan selin vurduğu ziyan artmaqda davam edir. APA TV-nin məlumatına görə, Bosniya-Hersoqovinada sel nəticəsində ölənlərin sayı 16-ya çatıb. Müxtəlif bölgələrdə yüzlərlə ev su altında qalıb. Bəzi bölgələrə elektrik və su verilişində fasilə yaranıb, əhali içməli su qıtlığı yaşayır. Serbiyada isə sel üzündən 15 mindən çox adam təhlükəli bölgələrdən təxliyə edilib, 2000-dən çox ev su altında qalıb. Ölkədə indiyədək 3 nəfərin öldüyü bildirilir. Serbiyaya səfər edən Bosniya-Hersqovinanın prezidenti Milorad Dodik əsl fəlakətin sel sularının çəkilməsindən sonra başlaya biləcəyi ilə bağlı xəbərdarlıq edib. Onun sözlərinə görə, küçələrdəki heyvan cəsədləri, benzin qalıqları və digər tullantılar bir çox xəstəliklərin yayılmasına səbəb ola bilər. Sinoptiklər gələn həftədən havanın temperaturunun 30 dərəcəyə qədər yüksələcəyini proqnozlaşdırırlar.