Avtomobil körpüdən aşdı, 1 ölü 4 yaralı

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə rayonun dağlıq Bəliton kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 30 yaşlı Ələddin Əfladdin oğlu Zamanov ot biçərkən ehtiyatsızlıqdan dəryaz onun qarın boşluğuna batıb. Yaxınları zərərçəkəni Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırmaq üçün “UAZ” markalı avtomobillə yola düşüblər. Maşın sürət həddini aşdığından qarşıdakı döngələrin birindəki körpüdən aşıb. Nəticədə  sürücü - kənd sakini, 56 yaşlı Əfladdin Xanağa oğlu Zamanov aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.

 

Maşındakı sərnişinlərdən qarın boşluğuna dəryaz batmış Əflatun Zamanovla birlikdə daha 4 nəfər-59 yaşlı Kişvər Yəhya qızı Ağayeva, 20 yaşlı Seyfəddin Ağaddin oğlu Ağazadə, 24 yaşlı Alim Əfladdin oğlu Ağayev, 24 yaşlı Şəfəq Cəsail qızı Zamanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran MRX-na yerləşdiriliblər. Yaralılara müvafiq tibbi yardım göstərilib, qarın boşluğuna dəryaz batmış Əflatun Zamanovun üzərində isə cərrahiyyə əməliyyatı aparılıb və  onların vəziyyətləri stabil qiymətləndirilir.

 

Hadisə şahidləri sürücünün avtomaşını yüksək sürətlə idarə etdiyini bildirirlər. Ehtimal olunur ki, maşında olan yaralı Əflatunun vəziyyəti ağırlaşıb, ata da onu xəstəxanaya tez çatdırmaq üçün nəqliyyat vasitəsini sürətlə idarə edib.

 

Faktla bağlı rayonun hüquq-mühafizə orqanları araşdırmalara başlayıblar.

 

Qeyd edək ki, ölən və yaralanan şəxslərin hamısı yaxın qohumlardır.

 

Müəllif | Apa.Tv