Somada axtarış-xilasetmə işləri başa çatıb, ölü sayı 301 nəfər

Türkiyənin Manisa vilayətinin Soma qəsəbəsində faciənin baş verdiyi mədəndə axtarış-xilasetmə işləri başa çatıb. Enerji və təbii sərvətlər naziri Taner Yıldız əməliyyat başa çatdıqdan sonra faciə qurbanlarının sayını açıqlayıb. Onun sözlərinə görə, mədəndəki partlayış və yanğın nəticəsində 301 nəfər dünyasını dəyişib.

 

Taner Yıldız deyib ki, Soma faciəsi Türkiyənin mədənçilik sənayesi üçün bir dərs, acı təcrübə olub.

 

Nazir məlumat verib ki, mədəndə axtarış-xilasetmə işləri başa çatsa da, tezliklə faciənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmalar başlayacaq və hazırda buna hazırlıq görülür

 

Taner Yıldız mədəndə 110 suriyalının qanunsuz işlədilməsi və onların cəsədlərinin üzərinə beton tökülməsi ilə bağlı iddiaları təkzib edib. O, bu iddiaları ortaya atanlara Suriyada uşaqların öldürülməsinə qarşı çıxmağı təklif edib.

 

Enerji və təbii sərvətlər naziri deyib ki, Somada aparılan araşdırmalardan sonra mədəndə kömür hasilatının davam etdirilib-etdirilməməsi ilə bağlı qərar veriləcək.

 

Müəllif | Apa.Tv