Neft Muzeyinin inşasının ləngimə səbəbləri...
"Neft Muzeyinin inşa edilməsi ilə bağlı yüzlərlə variant layihəyə baxılıb. Lakin hələ də tam əhatəli bir layihə təqdim edilməyib. Bu səbəbdən də muzeyin inşası gecikir". APA TV-nin məlumatlna görə, bunu Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, Neft Muzeyi ilə bağlı təqdim olunan layihələr texniki parametrlər baxımından uyğun gəlmədiyindən geri qaytarılıb.
“Neft Muzeyi elə bir muzeydir ki. bir dəfə tikiləcək və qalacaq. Buna görə də onu düşünülmədən tikmək düzgün olmazdı. Biz yüzlərlə layihəyə baxmışıq. Seçim bir qədər çətindir. Çalışırıq ki elə bir konsepsiya seçək ki, ucuz olsun və gələcəyə hesablansın. Muzey yüz illər yaşayacaq. Hesab edirəm ki, bu səbəbdən mükəmməl bir layihə hazırlanmalıdır”.
Qeyd edək ki, Bibiheybətdə inşa edilməsi nəzərdə tutulan muzeyin binası Azərbaycanın xəritəsi formasında, əsas binası isə amorf damı şəklində tikiləcək ki, bu da həm maye şəklində olan nefti və həm də Azərbaycanın bu "qara qızıl"la zəngin olmasını simvolizə edir. Kompleksin tikintisi zamanı enerjinin sərfiyyatını azaldan materiallardan istifadə olunması və ərazidə külək turbinlərindən alternativ enerji əldə etmək üçün tikintisi nəzərdə tutulur.